Ürək çatışmazlığı və Koronar damar xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsinə getdikcə mürəkkəbləşən tələblər, sanki yeni bir tibb ixtisası - ürək çatışmazlığı mütəxəssisinin yetişdirilməsini tələb edir. Ürək çatışmazlığı və koronar damar xəstəliklərinə dair hazırlanmış bu təlim kursu, məruzəçilər və iştirakçılar arasında interaktiv müzakirələr, tematik seminarlar, klinik halların müzakirəsi və maraqlı quiz-lər təklif edir. Kurs, İnternational Young Academy of Cardiology, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Uptodate İn Medicine tərəfindən hazırlanmışdır. Kursun Davamlı Tibbi Təhsil tədbiri kimi akkreditasiyası məqsədilə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasına müraciət edilmişdir.
XXI əsrin yeni epidemiyası kimi qəbul edilən ürək çatışmazlığı və xronik koronar dama xəstəliyi 65 yaşdan yuxarı xəstələrin hospitalizasiyasının aparıcı səbəblərindəndir. Bu qrup xəstələrin müalicəsinin getdikcə daha da mürəkkəbləşməsi, həmin xəstələrdə geniş rast gəlinən polifarmasiya, çoxsaylı yanaşı xronik xəstəliklər həkim-terapevt, həkim-reanimatoloq və həkim-kardioloqdan bilik və bacarıqlarının davamlı təkmilləşdirmələrini tələb edir. Xəstələrin diaqnostikasında, dinamik müşahidəsində və qısa və uzunmüddətli müalicəsində tətbiq edilən ənənəvi və müasir farmakoterapiya, eyni zamanda ürək fəaliyyətinin dəstəklənməsi üçün yeni cihazlar və onların idarə edilməsi sahəsində biliklərin genişləndirilməsinə böyük ehtiyac duyulur. Müasir tibb mütəxəssisləri həmçinin koronar qan dövranı və ürəyin qapaq aparatının görüntüləmə üsulları və qeyri-invaziv və invaziv diaqnostik və terapevtik görüntüləmələri sahəsində də yüksək səviyyədə məlumat sahibi olmalıdır.
Burada göründüyü kimi, hələ qarşılanmamış, əhəmiyyətli dərəcədə təlim-tədris ehtiyacları mövcuddur. Həmin ehtiyacların qarşılanmasında kiçik də olsa, töhvə olmaq üçün bu kurs düzənlənmişdir.
Quruluşu və məzmunu
Kardiologiyada Yeniliklər-2021 beynəlxalq təlim kursu - hər biri 4 saat davam etməklə 3 gün ərzində keçiriləcək beynəlxalq təlim kursudur. Kurs ümumilikdə 10 saat mühazirə və 10 saat özünütəhsildən ibarətdir. Təlimçi-instruktorlar beynəlxalq səviyyədə tanınmış Azərbaycanlı, Türkiyəli və İzrailli mütəxəssislərdir. Kurs çərçivəsində məruzəçilər və iştirakçılar arasında interaktiv müzakirələr və sual-cavab sessiyaları və maraqlı "quiz"lər təşkil ediləcək.